Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq çərçivəsində BDU Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə tələbələrə kommunikasiya və marketinq sahəsində müasir yanaşmaları öyrətmək, onların peşəkar inkişafına töhfə vermək məqsədilə PR və Marketinq təlimi təşkil edilib.
İştirakçılara PR və Marketinqin əsas prinsipləri və trendləri, dünyada uğurlu PR kampaniyalarının nümunələri, həmçinin etik qaydalar və effektiv networking strategiyaları barədə ətraflı məlumat verilib. Təlim vizual materiallarla zənginləşdirilib və interaktiv müzakirələrə əsaslanıb.
Tələbələr real nümunələr üzərində praktik tapşırıqlar (Case Study) yerinə yetirərək PR alətlərinin tətbiqini öyrəniblər. Bundan əlavə, PR və Marketinq sahəsində karyeraya başlamaq üçün ilk addımlar mövzusu geniş şəkildə izah olunub, tələbələrə bu istiqamətdə faydalı tövsiyələr təqdim edilib.
Universitetlərlə əməkdaşlıq çərçivəsində keçirilən təlimlərin əsas məqsədi gənclərin peşəkar bilik və bacarıqlarını artırmaq, onların müasir əmək bazarının tələblərinə uyğunlaşmasını təmin etmək və rəqabətqabiliyyətli karyera imkanları yaratmaqdır